Test

Gəncə Nümayəndə Heyəti Belarusun Qomel Şəhərində Səfərdədir

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev və Gəncə Avtomobil Zavodunun direktoru Kamran Nəzərov Belarus Respublikasının Qomel şəhərində səfərdədirlər. Qomel şəhərinin yaranmasının 884-cü ildönümü münasibətilə keçiriləcək “Qomel Şəhər Günü” tədbirlərində iştirak etmək məqsədilə Gəncədən olan nümayəndə heyəti Belarusa səfər edib.

İri Müəssisələrin Fəaliyyəti ilə Tanışlıq

Səfər çərçivəsində Qomel Şəhər İcraiyyə Komitəsinin təşkilatçılığı ilə Gəncədən olan nümayəndə heyəti şəhərdə fəaliyyət göstərən bir sıra iri müəssisələrin fəaliyyəti ilə tanış olub. Nümayəndə heyəti Qomelin aparıcı müəssisələrindən olan “Spartak” qənnadı fabriki və “MilkaVita” ASC-də olub. Gəncədən olan nümayəndə heyətinə müəssisələrdə istehsal prosesi, tətbiq olunan müasir texnologiyalar, istehsal gücü və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

“Spartak” Qənnadı Fabriki

Bildirilib ki, “Spartak” qənnadı fabriki Belarusun ən iri qənnadı məmulatları istehsalçılarından biridir. 1924-cü ildən fəaliyyət göstərən müəssisə 10 hektar ərazidə yerləşir. İllik 20 min ton istehsal gücünə malik müəssisədə 2 minədək işçi çalışır. Burada 350-dən çox çeşiddə karamel, konfet, şokolad və şokolad məhsulları, peçenye, vafli məmulatları, tort və digər qənnadı məhsulları istehsal olunur və 20-dən çox ölkəyə ixrac olunur. Müəssisədə istehsal prosesləri müasir texnologiyalar əsasında həyata keçirilir, bir sıra istehsal xətləri tam avtomatlaşdırılıb.

“MilkaVita” ASC

“MilkaVita” ASC isə Belarusun iri süd emalı müəssisələrindən biridir. Tarixi 1927-ci ildən başlayan müəssisə müasir yüksək məhsuldarlıqlı texnoloji avadanlıqlarla təchiz olunub. Müəssisənin istehsal gücü sutkada 1000 ton süd xammalının emalına imkan verir. Burada 1150 işçi çalışır. Nümayəndə heyəti müəssisələrin istehsalat sahələrinə baxış keçirərək istehsal prosesi ilə yaxından tanış olub. Səfər çərçivəsində Qomel şəhərinin iqtisadi və sənaye potensialı, qabaqcıl istehsal təcrübəsi və müəssisələrarası əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Sosyal medya hesaplarımızı takip edin

Yorum Yap